Financemasters

Xəbərlər

Biznesinizin uğur strategiyası şirkətinizdə maliyyə, idarəetmə və vergi üzrə uçot, hesabatlılıq və təhlil sisteminin düzgün qurulmasından birbaşa asılıdır.

03.06.2024

Bank açmaq üçün keçilən proses - Nə qədər pul lazımdır?

Bir çox şəxs biznes qurmaq, öz işinin sahibi olmağa çalışır. Bunun üçün müəyyən məbləğlərlə yatırım edir, biznes yaratmağa çalışırlar. Bu kimi cəhdlər əsasən kiçik bizneslərə aid olur. Amma elə bizneslər də var ki, o biznesə başlamaq üçün daha böyük məbləğdə vəsait lazım olur. Bu bizneslərdən biri də kommersiya banklarıdır. Maraqlıdır, bank açmaq üçün hansı proseslərdən keçmək lazımdır? Bunun üçün nə qədər vəsait lazımdır?

Valyuta.az mövzunu “FINANCE MASTERS GROUP” şirkətinin təsisçisi və baş direktoru, maliyyə və bank eksperti Xəyal Məmmədli ilə müzakirə edib. O, bildirib ki, bank açmaq üçün ilkin olaraq Mərkəzi Banka müraciət olunmalıdır. Bu müraciət iki mərhələdən ibarətdir:

“Birinci mərhələ lisenziyanın alınması üçün ilkin müraciətdir. İkinci mərhələ lisenziyanın alınması üçün dövlət qeydiyyatına alındıqdan sonra olunan müraciətdir. Bank açılan zaman Mərkəzi Bank tərəfindən ciddi araşdırma aparılır, onun səhmdarları analiz olunur. Bunun üçün Mərkəzi Banka xüsusi forma şəklində ərizə göndərilir. Və orada bankın sahibkarları haqqındakı məlumatlar əks olunur, həmin məlumatlar analiz edilir. Bu, fiziki şəxs də, hüquqi şəxs də ola bilər. Həmin hüquqi və fiziki şəxs mühüm iştirak payının sahibi ola bilər. Hüquqi şəxs hər hansı şirkətlər qrupunun tərkibinə daxil ola bilər, bu zaman ona aid məlumatlar da tələb olunur. Fiziki şəxs olduqda ona aid olan ümumi məlumatlar, hüquqi şəxs olduqda həmin şəxsin ən azı son üç maliyyə ilini əhatə edən, auditor yoxlamasından keçmiş maliyyə hesabatlarının auditor rəyinin əsli və ya natorial qaydada təsdiqlənmiş sürətləri, hüquqi şəxs haqqında ümumi məlumatlar təqdim olunmalıdır”. 

Ekspertin sözlərin görə, mühüm iştirak payına sahib olan hüquqi şəxs olduqda onun səlahiyyətli nümayəndələrinin və fiziki şəxs olduqda həmin şəxslərin vətəndaş qüsursuzluğu haqqında sənədlər Mərkəzi Banka təqdim edilməlidir:

“Həmin şəxsin fəaliyyəti, gəlir yerləri və s. kimi ümumi məlumatlar anket formasında doldurularaq Mərkəzi Banka göndərilməlidir. Bundan sonra yekun mərhələ var. Həmin mərhələdə bankın dövlət qeydiyyatına alınması haqqında sənəd, nizamnaməsinin natorial qaydada təsdiq edilmiş sürəti, səlahiyyətli idarəetmə orqanının qərarı ilə təsdiq edilmiş bankın daxili reqlamenti, nizamnamənin qəbul edilməsi, inzibatçıların təyin edilməsi haqqında səhmdarların ümumi yığıncağının qərarı olan sənədləri Mərkəzi Banka təqdim etmək lazımdır. Eyni zamanda yaradılacaq bankın gələcək üç ilin biznes planını təqdim edilməlidir”.

Minimum nə qədər məbləğ lazımdırmı?

Ekspert deyir ki, illərdir ki, bank açmaq üçün lazım olan minimum məbləğ eynidir: “Bu məbləğin miqdarı 50 milyon manatdır. Bu minimum nizamnamə kapitalıdır. Həmçinin, banklarda məcmu kapital da 50 milyon manat təşkil edir. Bu, bufer kapital hesab olunur. Təhlükəsizlik üçün, gələcəkdəki dalğalanmalara, böhranlara qarşı bankın pul kütləsinə sahib olması, öhdəliklərini normal şəkildə yerinə yetirə bilməsi üçün istifadə olunan kapitaldır”.

Gəlirlilik səviyyəsi necədir? Sərfəli biznesidirmi?

X.Məmmədli deyir ki, gəlirlilik, əsasən, iki əsas parametrlə ölçülür:

“Burada ROA indeksi var. Bu, aktivlərin gəlirlərini ölçmək üçün beynəlxalq istifadə olunan əmsaldır. İkincisi, burada ROE əmsalı var. ROE kapitalın gəlirliliyini ölçən əmsaldır. Aktivlərin gəlirləri Azərbaycan bazarında maksimum 4-5 faiz dərəcəsindədir. Kapitalın gəlirləri (ROE əmsalı) maksimum 27-28 faiz dərəcəsindədir. Təbii ki, bu biznes gəlirli və cəlbedici biznes sayılır”.

Kimlər bank aça bilər?

Ekspert onu da qeyd edib ki, bank açmaq istəyən şəxslərin vətəndaş qüsursuzluğu olmalıdır:

“Məhkumluğu olmamalıdır. İqtisadi fəaliyyətinə nəzarət olunur. Risk tənzimləməsi ilə bağlı yoxlamalardan və analizlərdən keçir. Həmin şəxsin indiyə qədər biznesinin, fəaliyyətinin nədən ibarət olduğu, gəlirlərini hardan əldə etdiyi yoxlanılır. Bundan sonra, Mərkəzi Bank tərəfindən qərar verilir ki, həmin şəxs bank yarada bilər, ya yox. Təbii ki, kommersiya bankları ölkənin maliyyə sabitliyində mühüm rol oynayan təşkilatlardan biridir. Buna görə də, Mərkəzi Bank tərəfindən ciddi şəkildə nəzarət olunur və ondan sonra cavab verilir”.

Əvəz Həsənov

Bizə sualınız var?

Sizə hər zaman kömək etməyə və suallarınızı cavablandırmağa hazırıq.

06.03.2024

Banklara uzunmüddətli əmanət qoyuluşu artır -
2 əsas səbəb

Azərbaycan banklarına qoyulan uzunmüddətli depozitlərin həcmi bu ilin fevralın 1-nə qədər olan müddətdə 29 faiz artıb. Bu, o deməkdir ki, banklara əmanət qoyan zaman uzunmüddətli əmanət formasına üstünlük verənlərin sayı çoxalır. Bəs bankalara qoyulan uzunmüddətli əmanətlərin bu qədər artmasının səbəbləri nələrdir? Banka əmanət yerləşdirən şəxslər niyə məhz uzunmüddətli əmanət formalarını seçirlər?

“FINANCE MASTERS GROUP” şirkətinin təsisçisi və baş direktoru, maliyyə və bank eksperti Xəyal Məmmədli Valyuta.az-a bildirib ki, banklara qoyulan uzunmüddətli əmanətlərin artmasının bir sıra səbəbləri olsa da, burada ən vacib iki faktor var. Birincisi odur ki, uzunmüddətli əmanətlər üzrə hesablanan faizlər bütün banklarda artan tendensiya ilə davam edir: “Yəni banklar uzunmüddətli əmanət faizlərini artırırlar və bu da insanları stimullaşdırır ki, əmanətlərini banklara daha uzun müddət üçün yerləşdirsinlər. Çünki, bu banklar üçün maraqlıdır. Banklar likvidlik prosesini idarə etmək üçün qısamüddətli cəlb etdikləri əmanəti qısa müddətə, uzun müddətli cəlb etdiklərini əmanəti uzun müddətə yerləşdirmək istəyirlər. Bunu ona görə edirlər ki, gələcəkdə likvidlik problemləri yaranmasın”.

Ekspert ikinci əsas faktorun vergi ilə bağlı olduğunu qeyd edib:

“2024-cü il yanvarın 1-dən 18 aydan çox müddətə yerləşdirilən əmanətlər üzrə əldə edilən faizlər gəlir vergisindən azad olunur. Bu, əmanətlərin uzunmüddətə yerləşdirilməsini stimullaşdıran əsas səbəblərdən biridir. Burada göstərilir ki, əmanətlər 18 aydan uzun müddətə qoyulursa və bu qədər müddət bankda saxlanılırsa, bu zaman həmin əmanətlər üzrə hesablanan faizlər gəlir vergisindən tam azaddır”.

Əvəz Həsənov

Bizə sualınız var?

Sizə hər zaman kömək etməyə və suallarınızı cavablandırmağa hazırıq.

22.02.2024

“Azərbaycanda da yeni evlənən şəxslərə faizsiz kredit verilməsi tətbiq oluna bilər” – Ekspert

Bildiyimiz kimi qardaş Türkiyədə yeni ailə quran şəxslərə 150 min lirə evlilik krediti verilməsi məsələsinə başlanılıb. Layihədə nəzərdə tutulub ki, yeni ailə quran şəxslər kredit götürür, bir müddət ödəniş etmir, daha sonra isə faizsiz şəkildə geri qaytarırlar. Bəs Azərbaycanda bu prosesi həyata keçirmək olarmı?

Bu barədə Valyuta.az-a danışan “FINANCE MASTERS GROUP” şirkətinin təsisçisi və baş direktoru, maliyyə və bank eksperti Xəyal Məmmədli bildirib ki, Türkiyədə Ailə və Sosial Xidmətlər Nazirliyi təklif edir ki, Ailə və Gənclik Fondu yaradılsın, dövlət maliyyəsi hesabına maliyyələşsin və yeni ailə quranlar üçün kreditlər verilsin:

“Kreditlər faizsiz, iki il geri ödəniş etmədən, iki ildən sonra 48 ay ərzində hissə-hissə geri qaytarılması nəzərdə tutulub. Azərbaycanda da dövlət tərəfindən təşəbbüs qaldırılarsa, buna bənzər mexanizmin hazırlanması mümkündür. Dövlət yeni evlənən ailələri dəstəkləmək istəyirsə və demoqrafik artımda maraqlıdırsa, bu zaman belə tədbirlərdən istifadə edə bilər və dövlət büdcəsində bununla bağlı vəsait nəzərdə tutulmalıdır”. 

Ekspert qeyd edib ki, bu prosesin kommersiya bankları tərəfindən maliyyələşməsi mümkün deyil:

“Çünki, kommersiya bankları əhalidən alıqları əmanətlər hesabına kreditlər yerləşdirirlər. Portfelin daha böyük hissəsi bundan ibarətdir. Əmanət faizləri isə 10-12 arasında dəyişir. Bu kreditləri yerləşdirmədə bankların saxlanma xərclərini və mənfəətliyini də nəzərə alsaq, bu, daha yüksək fazilərlə verilə bilər. Hətta mənzil alınması üçün ipoteka kreditləri, sosial güzəştli ipoteka kreditləri, Sahibkarlığın İnkişafı Fondu üçün verilən kreditlər və s. bu kimi layihələr hamısı dövlət büdcəsi hesabına maliyyələşir, kommersiya bankları bu layihələri icra edə bilmirlər”.

“Bu baxımdan, bu layihə də faizsiz və ya aşağı faizlə olarsa, kommersiya banklarının buna gücü çatmaz və kommersiya banklarının verdiyi faiz dərəcələri ilə də bu layihənin icra olunmasının bir mənası yoxdur. Bu cəhətdən Azərbaycanda da belə bir layihənin dövlət hesabına həyata keçirilməsi mümkündür. Əgər belə bir qanun layihəsi hazırlanarsa və Milli Məclis tərəfindən qəbul olunarsa, təbii ki, bu, Azərbaycanda da tətbiq oluna bilər”.

Əvəz Həsənov

13.02.2024

Kəşbek faizləri azalır – Bəs ləğv oluna bilərmi?

Azərbaycanda hazırda kart alan zaman ən çox diqqət yetirilən məqamlardan biri də kəşbek faizləridir. Kəşbeklərin çoxluğu müştərini həmin banka daha çox cəlb edir. Banklar da biri digərindən daha çox kəşbek verməyə çalışırdılar. Son zamanlar bəzi bankların kəşbek faizləri aşağı düşüb. Bu nə ilə əlaqədardır? İrəliləyən zamanlarda kəşbeklərin tamamilə ləğv olunması ehtimalı varmı?

Bu barədə Valyuta.az-a danışan “FINANCE MASTERS GROUP” şirkətinin təsisçisi və baş direktoru, maliyyə və bank eksperti Xəyal Məmmədli bildirib ki, “ƏDV geri al”dan fərqli olaraq, kəşbek dövlət layihəsi deyil. Bu vəsait bankların özlərinin və ticarət nöqtələrinin vəsaiti hesabına müştərilərə qaytarılan bir bonus kimi qiymətləndirilə bilər:

“Banklar bundan müştəri qazanmaq üçün istifadə edirlər və buna görə də onun məbləğinin artması, azalması bankların yeni müştəri cəlb etmə istəyi, mövcud müştərilərin bankda saxlanması istəkləri ilə bağlıdır. Necə ki, bankda likvidliyin idarə olunması zamanı vəsait çatışmazlığı yaranan zaman əmanət faizləri yüksəldilir, likvidlik problemi olmayan, vəsait artıqlığı yaranan zamanda banklar əmanət fazilərini resurs cəlbi üçün müştərilərə verilən vəsaitin miqdarının azaltmağa başlayırlar. Kəşbeklər də bunun kimi, yəni, hansısa bir dövrdə bankda kəşbek məbləği çox olubsa və bunun məbləği azaldılıbsa, demək həmin banklar kifayət qədər müştəri toplayıb və həmin müştərilərlə davam etmək istəyir.

Ekspert kəşbeklərin azalmasının başqa səbələrindən də danışıb:

“Bankın bazardakı rəqabət məsələsi də burada öz rolunu oynaya bilir. Əgər, rəqib banklar o qədər də yüksək kəşbek vermirlərsə, bank da bunu ona uyğunlaşdırır. Daha çox müştəri cəlb etmək fikri olan banklar yenə də yüksək kəşbek verməkdə davam edə bilərlər. Amma onun bazar payı onu qane edirsə, strateji hədəflərinə uyğundursa, bu zaman o da kəşbek faizləri ilə bağlı olan siyasətini bazara uyğunlaşdırır”.

X.Məmmədli qeyd edib ki, qarşıdakı dövrlərdə kəşbeklər ləğv oluna da bilər, olunmaya da bilər:

“Kəşbek o qədər də vacib bank funksiyası deyil. Kart sahiblərinə kartın qalığına gəlir hesablanması metodu da var. Banklar bundan da istifadə edə bilər, kəşbeklərdən də istifadə edə bilər ki, müştərilərinə motivasiya versin. Kəşbeklərin ləğv olunma ehtimalı azdır. Artıq bu bazarda popular istifadə olunan formadır. Amma müəyyən zaman keçdikdən sonra yeni trendlər, bazarda yeni alətlər yarana bilər, kəşbeklərin ləğv olunması ehtimalı da var”.

Əvəz Həsənov

Bizə sualınız var?

Sizə hər zaman kömək etməyə və suallarınızı cavablandırmağa hazırıq.

10.02.2024

Yastıq altından banklara

Vətəndaşların banklarda milli valyutada olan əmanətlərinin məbləği bir il ərzində 16,3 faiz artıb. Ekspertlər bu rəqəmi kifayət qədər ciddi göstərici hesab edir və bunu banklara olan inamın artması kimi səciyyələndirirlər.

Mərkəzi Bank xəbər verir ki, əhalinin banklardakı əmanətlərinin məbləği bir il ərzində 8,1 faiz artaraq 2023-cü il dekabr ayının 1-nə milli valyuta ekvivalentində 12 524,9 milyon manat təşkil edib. Əmanətlərin 65,8 faizi milli, 34,2 faizi xarici valyutada qoyulub. Milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,3 faiz artıb. Bu, insanların banklara olan inamının artdığını göstərir. Bəs artan inamın əsasında hansı səbəblər dayanır?

“Yeni qaydalar nəticəsini verir.” 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov “Kaspi” qəzetinə açıqlamasında deyib ki, bu gedişlə əmanətlərin həcminin daha da artacağı gözlənilir: “Mərkəzi Bank tərəfindən yürüdülən siyasət, banklara depozit cəlbetmə imkanlarının yaxşılaşdırılması, eləcə də 2024-cü il yanvarın 1-dən etibarən vətəndaşların banklardakı əmanətlərinin faizlərinin gəlir vergisindən azad olunması bank depozitlərinin həcminin artmasına səbəb olub. Yeni qaydalara əsasən, əhalinin milli valyutada olan əmanətlərinin aylıq 200 manat məbləğində olan hissəsi gəlir vergisindən azad olunur. Vətəndaş banka 10 faizlə 24 min manat depozit yerləşdirdikdə, onun aylıq gəliri 200 manat təşkil edəcək və bu vəsaitdən vergi tutulmayacaq. Yaxud, banka 8 faizlə 30 min manat əmanət qoyan şəxs illik 2400, aylıq 200 manat gəlir əldə etdiyindən, ondan da vergi tutulmayacaq. Vergi həmin məbləğdən sonrakı hissədən tutulacaq. Bu isə banklara yatırılan əmanətlərin artımına əlavə stimul verəcək. Hazırda əhalinin banklardakı əmanətlərinin həcmi 13 milyard manata yaxındır, ilin sonuna bu rəqəmin yenidən artması gözlənilir”.

“Bank Məcəlləsi qəbul edilmir.”

A.Hüseynov bildirib ki, bank depozitlərinin həcminin artması banklar üçün daha çox kredit vermə imkanlarını da stimullaşdırır: “Ona görə də bank sektorunda rəqabətin güclənməsinə, xüsusən də konservativ siyasətdən mərhələli şəkildə daha liberal siyasətə keçidin təmin olunmasına ehtiyac var. Bir sıra xarici bankların, xarici kapitalın bank sektoruna gəlməsi rəqabətin güclənməsinə gətirib çıxara bilər. Mərkəzi Bank tərəfindən depozit faizləri ilə kredit faizləri arasında müəyyən asılılığın tövsiyə olunması da mümkündür. Hazırda Mərkəzi Bank da bu istiqamətdə çalışır. Maliyyə bazarlarına nəzarət sahəsində ciddi islahat aparılmalı, bank sektoruna nəzarət gücləndirilməlidir. Tək Mərkəzi Bankın fəaliyyəti azdır, həm də qanunvericilik bazası möhkəmləndirilməli, Bank Məcəlləsi qəbul edilməlidir”.

“İnsanlar bilirki pulunu itirmiyəcək.”

Maliyyə və bank məsələləri üzrə ekspert Xəyal Məmmədlinin sözlərinə görə, əmanətlərin sığortalanması insanların banklara olan inamını daha da artırıb: “Əmanətlərin artmasına səbəb ilk növbədə sığorta mexanizminin normal şəkildə işləməsidir. Əmanətlərin Sığortalanması Fondu milli valyutada maksimum 12 faiz, dollar və avroda 2,5 faiz hədd müəyyənləşdirib. Bir nəfər üçün 100 min manat sığorta məbləği mövcuddur. Əmanətlərin Sığortalanması Fondunun iş mexanizmi onu göstərir ki, hansısa bir bank bağlansa da, qaydalara uyğun şəkildə əmanətlər vaxtında qaytarılır. Sığorta mexanizmi normal şəkildə işlədiyinə görə insanlar bilirlər ki, əmanət itirilməyəcək və qorunur. Gəlirlilik dərəcəsi də kifayət qədər normaldır. Milli valyutada 12 faiz gəlir əldə etmək mümkündür”.

“Sığorta limitinin məbləği artırılsın”

X.Məmmədlinin fikrincə, müəyyən addımlar atılsa, hər şey banklar üçün daha da yaxşılaşar: “Gələcəkdə əmanətlərin məbləği daha da arta bilər. Əvvəl fiziki şəxslərin qorunan əmanətlərində limit yox idi. Sonradan 100 min manat limit müəyyənləşdirildi. Əgər Mərkəzi Bank istəsə ki, kommersiya banklarında əmanətlərin məbləği daha da artsın, 100 min manatlıq limiti ya artıra, ya da ləğv edə bilər. Bu zaman banklara daha çox vəsait cəlb olunar. Amma hüquqi şəxslərin banklardakı vəsaitləri sığortalanmır. Onlar üçün də sığorta mexanizmi yaradılsa, bu da əmanətlərin məbləğinin artırılmasına dəstək olar”.

“Bu vergi ləğv edilsin

İqtisadçı Fuad İbrahimov dedi ki, xarici valyutada faizlərin artırılması da insanları stimullaşdırır: “Əmanətlərin həcminin artmasındakı ilk göstərici depozit faizlərinin artmasıdır. Bu, böyük rol oynayır. Bununla yanaşı, vəsaitlərin sığortalanmış hissəsinin kifayət qədər yüksək olması da təsir göstərir. Bəzi banklar var ki, xarici valyutada depozit faizlərini artırılmış şəkildə təklif edirlər. Bu da vətəndaşlar tərəfindən müsbət qəbul olunur”

F.İbrahimov qeyd etdi ki, əmanətlərin daha da artması üçün sabitliyi qorumaq lazımdır: “Depozitlərə tətbiq edilən gəlir vergisi yumşalıb. Amma yaxşı olardı ki, bu vergi ümumiyyətlə ləğv edilsin. Çünki pul kütləsinin rəsmi dövriyyəyə cəlb olunması istiqamətində maneə törədən əmsaldır. Vergi aradan qaldırılsa, bu, prosesi daha da stimullaşdıracaq”.

Zərif Salmanlı

Bizə sualınız var?

Sizə hər zaman kömək etməyə və suallarınızı cavablandırmağa hazırıq.

24.01.2024

Banklar kartları niyə pulsuz paylayırlar?

Banklar pulsuz kartların verilməsi, ƏDV-nin ikiqat qaytarılması, kəşbeklərin faizinin yüksək olması və.s kimi təklflər iləri sürürlər. Bu mövzuda bütün banklar bir-biriylə rəqabətdədir. Bir bank digərindən daha çox güzəştə getməyə çalışır. Bəs bankların pulsuz kart paylamaqda və bu qədər güzəştlər verməkdə məqsədi nədir?

Bu barədə Valyuta.az-a danışan “FINANCE MASTERS GROUP” şirkətinin təsisçisi və baş direktoru, maliyyə və bank eksperti Xəyal Məmmədli bildirib ki, bank kartları içərisində ödənişsiz verilənlər çoxluq təşkil edir. Bankların bunda əsas məqsdələri pul kütləsi cəlb etməkdir: “Bankların pul kütləsini cəlb etməkdən ötrü iki əsas mənbəyi var. Birincisi, səhmdarlar tərəfindən qoyulan pullardır. İkincisi, öhdəliklərdir ki, bunlar da müştərilər tərəfindən cəlb olunur. 

Müştərilərdən cəlb olunan pullar da müddətli əmanət şəklində olur, müddətli əmanətlərdə faizlər yüksək olur. Cari hesablarda olan pullara adətən hansısa bank tərəfindən vəsait ödənilmir. Bu pullar adətən hərəkətli olurlar, daha çox təsərrüfat fəaliyyətlərinin idarə olunmasında istifadə olunur. Və müəyyən dövrlərdə qısa müddətli də olsa, həmin hesablarda vəsait saxlanılır. Bu banklar üçün çox önəmlidir, çünki, müştərilərin hesablarında ortalama günlük, aylıq vəsaitin qalması bank üçün onun likvidlik probleminin həllində çox önəmlidir”.

Ekspert qeyd edib ki, banklar pulsuz kart verməklə yanaşı, rəqabətdə qazansınlar deyə, kartdakı pula faiz də təklif edirlər: “Bankların kart hesablarında daha çox vəsait saxlanılmasını motivasiya etmək istəyirlər. Cari hesablarda pulu saxlamaq üçün əmanətlərin faiz dərəcəsi illik 10-12 faizdirsə, banklar 5-6 faiz də kart hesabında pul saxlanılmasına təklif edirlər. Bu vəsaitlər konkret müddətdə deyil, müştəri istənilən vaxt həmin vəsaiti götürə bilər. Götürənə qədər isə kartdakı məbləğə faiz hesablanması müştəri üçün də, bank üçün də sərfəlidir”.

X.Məmmədli kartların banklara pulsuz başa gəlmədiyindən də danışıb: “Kartlar banklar üçün pulsuz deyil, müəyyən qiymətə başa gəlir və həmin qiymətə satılmalıdır. Amma banklar o vəsaiti öz resursları hesabına qarşılayırlar. Çünki, həmin maliyyəni depozit hesabına cəlb etmək banka daha çox xərc hesabına başa gəlir”.

Əvəz Həsənov

16.01.2024

Kredit kartlarından necə istifadə etməliyik ki, borclarımız yığılmasın?

Bir çox insanlar kredit kartından ya öz pulları kimi istifadə edir, ya da geri ödəniş etmək məqsədi ilə istifadə etsələr də, geri qaytarmaqda çətinlik çəkir. Kredit kartlarından xərcləmək niyə insanlara daha bu qədər asan gəlir? Kredit kartlarından necə istifadə etməliyik ki, borclarımız yığılmasın?

Bu barədə “FINANCE MASTERS GROUP” şirkətinin təsisçisi və baş direktoru, maliyyə və bank eksperti Xəyal Məmmədli Valyuta.az-a bildirib ki, bir çox bankların kredit kartlarında güzəşt müddəti olur. Bu, nağdsız əməliyyatlar üçün verilən güzəşt müddətidir. Müştəri həmin əməliyyatları aparan zaman belə nəzərdə tutmalıdır ki, ay ərzində istifadə etdiyi məbləği ayın sonunda əmək haqqı alan zaman onu ödəsin: “Bu tipli məqsədlər üçün istifadə olunan zaman kredit kartları daha faydalı olur. Müştəri demək olar ki, faiz, komissiya ödəmir, nağdsız əməliyyat aparır və əmək haqqı alan zaman ödəniş edir. Bu, müştəri üçün çox faydalıdır. Uzunmüddətli məqsədlər üçün də kredit kartlarından istifadə oluna bilər. Bunun üçün hissə-hissə ödəniş funksiyaları var ki, əməliyyat olunan zaman həmin məbləği bir neçə ay ərzində müştəri geri qaytarır. Eyni zamanda kredit kartları sərbəst qrafik əsasında verilir, adətən ayın sonunda güzəşt müddəti bitəndən sonra faizlər ödənilir və əsas məbləğin ödənilməsinə limit qoyulmur”. 

“Hər kəs özünün maliyyə planlaşdırmasını aparmaldır. Maliyyə nə üçün istifadə olunur və onu nə vaxt geri qaytara biləcək? Bu suallar əsasında kredit kartlarından səmərəli istifadə olunarsa, bundan fayda götürmək olar. Amma plansız şəkildə, sanki şəxsi vəsaitmiş kimi istifadə olunarsa və onun ödənişi planlaşdırılmazsa, bu zaman təbii ki, çətinlik yaranır” – deyə ekspert qeyd edib.

X.Məmmədli vurğulayıb ki, kredit kartı seçimini də düzgün etmək lazımdır: “Bəzi bank kartlarında belədir ki, məsələn, müştəri min manatlıq xəttdən bir il ərzində kredit xətti kimi istifadə edir və təyin olunmuş müddətdə yalnız faizləri ödəyir, əsas borcu ödəmir. Amma bir ilin tamamında bu yenidən qrafik şəklində kreditə çevrilir və müştəri əsas borcu hissə-hissə ödəyir. Bu cür kredit kartları daha uyğundur və insanlar onu ödəyən zaman çətinlik çəkmirlər”.

Əvəz Həsənov

Bizə sualınız var?

Sizə hər zaman kömək etməyə və suallarınızı cavablandırmağa hazırıq.

12.01.2024

Banka əmanət qoyarkən hansı məbləğdən sonra pulun mənbəyini göstərməliyik?

Banklara əmanət qoyularkən faiz dərəcəsi, əmanətin müddəti, ödənilməsi qaydası və s. ilə tanış olunur. Maraqlı olan tərəflərdən biri də budur ki, banka əmanət yerləşdirilən zaman hansı məbləğdən sonra bu pulun mənbəyini göstərməliyik?

“FINANCE MASTERS GROUP” şirkətinin təsisçisi və baş direktoru, maliyyə və bank eksperti Xəyal Məmmədli bu barədə Valyuta.az-a bildirib ki, banklarda yerləşdirilən əmanətlərlə bağlı hər hansı limit yoxdur. Banklar tərəfindən yalnız minimum məbləğə limit var: “Məsələn, hansısa bir bank əmanətin minimum həddini 500 manat məbləğində müəyyənləşdirə bilər. Bu zaman 500 manatdan başlayaraq müqavilə bağlana bilər, bu zaman faiz dərəcəsi bank tərəfindən müəyyən olunur. Yuxarı həddi ilə bağlı məhdudiyyət yoxdur. Mərkəzi Bank tərəfindən də belə bir limit məhdudiyyəti yoxdur”.

Ekspert vəsaitin mənbəyinin göstərilməsinə ehtiyac olmadığını vurğulayıb: “Əmanət yerləşdirilən zamanı vəsaitin mənbəyi deyilən bir anket forması və yaxud müqavilədə qeyd olunması tələb olunmur. Vəsait müxtəlif mənbələrdən ola bilər”.

X.Məmmədli 20 000 (iyirmi min) manatdan yuxarı nağd əməliyyatlar aparan zaman Maliyyə Monitorinqi Xidmətinə bank tərəfindən məlumat verildiyini bildirib: “Bu qanun sadəcə əmanətlərə yox bütün əməliyyatlara şamil olunur. Bu o demək deyil ki, həmin əməliyyat aparılmır. Banklar həmin əməliyyatı aparır, müştəridən vəsaiti qəbul edir, amma Maliyyə Monitorinq xidməti bunu araşdırır. Bu qərar 2012-ci ildə qəbul olunub və hazırda dəyişiklik yoxdur”.

Əvəz Həsənov

23.12.2023

Bank sektorumuz hara gedir?

Azərbaycanda bankların sayında azalma müşahidə edilir. Son bir ildə ölkədə üç bankın lisenziyası ləğv olunub. Bu proseslər bank sektorunun gələcəyi üçün nələr vəd edir? Ekspertlər hesab edirlər ki, yaranan boşluq böyük bankların filial şəbəkəsi tərəfindən kompensasiya ediləcək. 

Son bir ildə Azərbaycanda üç bank fəaliyyətini dayandırıb. Başqa sözlə desək, lisenziyaları ləğv olunub. Ölkədə fəaliyyət göstərən bankların sayı 23-ə düşüb. Hələ bir neçə bankın da bağlanma təhlükəsi ilə üz-üzə qalması barədə də iddialar var. Banklar bu şəkildə bağlana-bağlana gedərsə, bu, bank sektorumuz üçün hansısa problemlər yarada bilərmi?

“Bankların sayının kəskin şəkildə azalması yaxşı əlamət deyil” 

Maliyyə və bank məsələləri üzrə ekspert Xəyal Məmmədli deyir ki, bankların sayı üçün ölkənin böyüklüyünün, yaxud kiçikliyinin fərqi yoxdur: “Ərazisi Azərbaycan qədər olan elə Avropa ölkəsi var ki, orada bank sayı bizdən azdır. Eləsi də var ki, Azərbaycandakı bankların sayından 3-4 dəfə çoxdur. Yəni burada tənzimlənmə ölkənin ərazisinə, yaxud əhali sayına görə deyil. Bu, daha çox ondan asılıdır ki, ölkədə maliyyə, bank sistemi necə qurulub, Mərkəzi Bank dövlət səviyyəsində bu sistemi necə tənzimləyir?”

“Risk faktorunu nəzərə almırlar”

Bankların bağlanması məsələsinə toxunan ekspertin sözlərinə görə, bu hal yalnız banklar normalara cavab vermədikdə baş verir: “Ölkəmizdə banklar say çoxluğuna görə bağlanmır. Bankların fəaliyyətləri Mərkəzi Bankın prudensial normalarına cavab vermədiklərinə görə dayandırılır. Heç vaxt nə Mərkəzi Bank, nə də dövlət tərəfindən “bankların sayı artıqdır, ona görə bağlayırıq” deyilməyib. Əgər göstəriciləri qoyulmuş normativə cavab verirsə, bu zaman bank fəaliyyət göstərəcək. Korporativ idarəetmə düzgün qurulmur, prudensial normalara riayət olunmur, risk məsələləri düzgün tənzimlənmir, bank normal şəkildə idarəetməni qurmur, riskli şəkildə kreditlər verilir, onlar qayıtmır, bankın məcmu kapitalı aşağı düşür və bununla da problemlər başlayır. Bu zaman da Mərkəzi Bank lisenziyasını ləğv edir. Həmçinin, banklar özləri fəaliyyətlərini dayandırmırlar. Azərbaycanda hələ heç bir bank özünü müflis elan etməyib. Bütün hallarda Mərkəzi Bank normalara cavab verməyən bankların lisenziyasını dayandırıb”.

Yaranan boşluqlar böyük banklar tərəfindən doldurulur

X.Məmmədli həmçinin qeyd edir ki, indiki halda Azərbaycanın bank sektoru üçün narahatlığa əsas yoxdur: “Azərbaycanda ən azından Beynəlxalq Bank kimi dövlət bankı, həmçinin böyük sistem əhəmiyyətli banklar var. O banklar həmişə çalışacaq. Əgər kiçik müəssisələrin fəaliyyəti dayanacaqsa, onun əvəzinə böyük bankların filial şəbəkəsi daha da genişlənəcək. İkinci bir tərəfdən, rəqəmsallaşma getdikcə sürətlənir, məsafədən bank xidmətləri göstərilir. Yəni böyük və sistem əhəmiyyətli banklar tərəfindən yaranan boşluqlar doldurulur”.

İqtisadi məsələlər üzrə ekspert Asif İbrahimli deyir ki, dünya praktikasında bankların sayını müəyyən edən normalar mövcud deyil: “Bankların sayı hansısa qanunla, reqlamentlə, metodla tənzimlənmir. Ümumiyyətlə, hansısa ölkədə bankaların yaradılması adətən ölkənin iqtisadi vəziyyətindən, maliyyə siyasətindən asılı olaraq formalaşdırılır. Məsələn, kiçik bir dövlət ola bilər ki, hansısa Latın Amerikasında yerləşir, ərazi baxımından Azərbaycandan 3 dəfə kiçikdir, amma orada banklar çoxdur. Bu da ölkənin maliyyə siyasətindən və iqtisadiyyatından asılı olan məsələdir. Bununla bağlı dünya praktikasında da hər hansı bir tənzimləmə yoxdur”.

Kredit faizləri daha da yüksələ bilər

A.İbrahimlinin fikrincə, onsuz da ölkəmizdə bank sektorunda xarici banklar azdır. Yerli banklar da bağlanarsa, insanlar üçün müəyyən çətinliklər yarana bilər: “Bankların sayının çox olmasının üstün cəhəti odur ki, rəqabət mühiti formalaşdırılır. Azərbaycanın isə özünəməxsus iqtisadi modeli olduğu üçün bankların formalaşdırılmasında, onların sayının az və ya çox olmasında hər hansı bir fərq görmürəm. Amma gələcəkdə digər bankların da fəaliyyətində problemlər yaranarsa, lisenziyaları ləğv edilərsə, bu, bank sektorunda rəqabətin ciddi şəkildə pozulmasına gətirib çıxara bilər. Məsələn, belə olduğu halda ölkədə onsuz da yüksək olan kredit faizləri bir az da arta bilər”.

Zərif Salmanlı

Bizə sualınız var?

Sizə hər zaman kömək etməyə və suallarınızı cavablandırmağa hazırıq.

Bizə qoşulun

Rəy və təkliflərinizə hər zaman açığıq. Bizə olan mürəciətləriniz hər zaman önəm daşıyır.

Hədəflərə nail olmaq üçün təyin olunan strategiyaların həyata keçirilməsi.

Əlaqə

info@financemasters.az

+994 55 600 65 90

Bakı şəh., Nərimanov ray., Xətai pr., 47e (Armoni Residence)

Müəllif hüquqları qorunur.